Çempionlar Liqasında F qrupunda “Mançester Yunayted” İsveçrənin paytaxtı Berndə “Yanq Boyz”un qonağı olub. Bu qarşılaşmaya əsas heyətdə başlayan Kristianu Ronaldu turnirdə ümumilikdə 177-ci oyununa çıxıb. Bununla da portuqaliyalı ulduz bu nominasiyada rekord müəllifi olan İker Kasilyasın nailiyyətini təkrarlayıb. 13-cü dəqiqədə hesabı açan Ronaldu yeni mövsümdə ilk qolun da müəllifi olub. Ümumilikdə turnirdə 135-ci dəfə fərqlənən portuqaliyalı forvard özünə məxsus rekordu bir qədər də yaxşılaşdırıb. Amma Aron Van Bissakanın qırmızı vərəqə alması işləri korlayıb. Say üstünlüyü əldə edən meydan sahibləri təzyiqi artırıblar. Onların səyləri 66-cı dəqiqədə bəhrəsini verib. Mumi Nqamalye tarazlığı bərpa edib. Görüşün son saniyələrində isə Cessi Linqardın səhv ötürməsindən Jordan Sebatşo yararlanıb. Bununla da, “Yanq Boyz” turnirə 2:1 hesablı qələbə ilə başlayıb.

Qrupun digər oyunu İspaniyada olub. “Vilyarreal” doğma meydanda “Atalanta”nı qəbul edib. Bu qarşılaşmada da ilk qolu qonaqlar vurublar. Remo Froyler fərqlənib. Amma hissənin sonunda tarazlıq bərpa olunub. Manu Triqeros hədəfdən yayınmayıb. Fasilədən sonra da azarkeşlər qarşılıqlı qol görüblər. Əvvəlcə Arno Danjuma yerli fanatları sevindirib. Robin Qosens isə komandasını məğlubiyyətdən xilas edib 2:2. Qeyd edək ki, oyunun sonunda “Vilyarreal”ın heyətində Fransis Koklyen qarşısında qırmızı vərəqə görüb.